Qara bağ

Qarabağ tarixi

Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının meydana çıxdığı ərazidir..

Bəzi məlumatlara görə, “Qarabağ” anlayışı VII əsrdən etibarən işlənməyə başlanmış, XII əsrdən etibarən isə geniş yayılmışdı. “Qarabağ” “qara” və “bağ” türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir (“qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir). Tədqiqatçılar “Qarabağ”ın “böyük bağ”, “səfalı bağ” mənasında işlədildiyini də bildirirlər. Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi “Arsax” adlandırılır. Etimoloji araşdırmalar göstərir ki, “Arsax” sözü də Qarabağın qədim türk etnoslarından biri olan saklarla bağlıdır. “Arsax” “ər” və “sak” sözlərinin birləşməsi (“sak əri”) kimi də izah olunur.

Qarabağ mədəniyyəti

İki yüz ildir ki, Azərbaycanın tarixi məkanlarından biri olan Qarabağı faciələr meydanına çevirən ermənilər bütün vasitələrdən istifadə edərək zaman-zaman tariximizi saxtalaşdırır, uydurma tarix yaradır, azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarırlar.

Siyasətbazların əlində alətə çevrilmiş erməni “tarixçiləri” Qarabağ torpaqlarının ermənilərə məxsus olmasını «sübut edən faktlar” toplayır, “hüquqi sənədlər” hazırlayır, ermənilərin ərazi işğallarına qanuni don geyin-dirməyə çalışırlar. Erməni ideoloq və «arxeoloqları” Qarabağın alban xristian abidələrini “erməni abidələri” kimi qələmə verməyə çalışır, hətta guya qədim mənbələrdən istifadə edərək, bütövlükdə Kür və Araz çayları arasındakı ərazilərin «əzəli erməni torpaqları» olduğunu sübut etmək istəyirlər. Halbuki, ermənilər nəinki Qarabağda, hətta Qafqazda XIX əsrədək heç vaxt kompakt şəkildə məskun olmamışlar və bu maddi mədəniyyət də onlara aid ola bilməzdi.

Qarabağ təbiəti

Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən bu rayona Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Xocalı, Tərtər, Şuşa, Xankəndi əraziləri daxildir. Relyefi, əsasən, dağlıqdır. Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonunun şimal hissəsini Qarabağ silsiləsinin şimal-şərq ətəkləri və Murovdağ silsiləsinin (Kiçik Qafqazın ən yüksək zirvəsi Gamış dağı (3724 m)) cənub yamacları, mərkəzi, qərb və cənub hissələrini Qarabağ silsiləsinin şərq yamacları (Qızqala dağı (2843 m), Qırxqız dağı (2827 m), Böyük Kirs dağı (2725 m)), şimal-şərq və şərq hissəsini Qarabağ və Mil düzənliklərinin qərb kənarları tutur. Cənub və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Murovdağ və Qarabağ silsilələri Qarabağ və Mil düzlərinə tərəf alçalan bir neçə yan qola ayrılmışdır. Silsilə və onların yan qollarının çaylarla parçalanması nəticəsində dərin və sıldırım yamaclı dərələr əmələ gəlmişdir. Orta dağlıqda çay dərələrinin genişləndiyi sahələrdə dağarası çökəkliklər vardır. Ərazidə meşələr 187,7 min ha-dır.

Erməni məsələsi

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. “Erməni məsələsi” adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz. Bu məsələni Ermənistan-Azərbaycan münaqişəsi baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. Çünki “Qarabağ məsələsinə” erməni məsələsinin bir hissəsi kimi baxılmalıdır. “Erməni məsələsi” isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin axırları – XX əsrin əvvəllərində bu məsələyə bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. O, məqalənin sonunda ümidvar olduğunu bildirərək yazırdı: “…erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətlərini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyun tam ölümə məhkumdur”. Lakin tarixçi aldanmışdı…

Xocalı soyqırımı

Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədləri daxilində, Ağdam-Şuşa-Xankəndi- Əskəran yolunun üzərində və regionun yeganə hava limanının yaxınlığında yerləşən Azərbaycan şəhəri idi. Şəhərin əhalisi yeddi mindən çox idi. Regionun yeganə mülki hava limanı burada yerləşdiyindən şəhərin nəqliyyat-kommunikasiya baxımdan xüsusi əhəmiyyətə malik idi. Məhz buna görə Dağlıq Qarabağ münaqişəsi başlamazdan öncə şəhər qaçqınların pənah apardığı yerə çevrilmişdir. Orta Asiyada baş verən etnik çaxnaşmalardan qaçan Ahısxa türkləri və Ermənistandan deportasiya olunan azərbaycanlı qaçqınlar Xocalıda məskunlaşmışdı..

1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir.

Ətraflı bax

Back to top button