İndi aktualdırSiyasi

Ermənistan Livandan erməni ailələrini qanunsuz şəkildə Dağlıq Qarabağa köçürmək istəyir

Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirir. Avqustun əvvəllərində Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən partlayış Dağlıq Qarabağa və ətraf rayonlara qanunsuz köçürülmə prosesini davam etdirmək üçün işğalçı ölkəyə yeni fürsət yaradıb. Pisləşən demoqrafik vəziyyəti düzəltmək, eyni zamanda bölgədə gələcək üçün öz maraqlarına uyğun etnik balans formalaşdırmaq səyləri bu ölkənin işğalçı mahiyyətindən əl çəkmək niyyətində olmadığını göstərir.

Qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirib. Bölgənin aborigen əhalisi olmayan ermənilərin bura hazırkı köçünün təşkilini erməni mediası da heç vaxt gizlətməyib.

“Times.am” saytının Qarabağdakı Suriya ermənilərinə həsr edilmiş, 2013-cü ildə yayımlanmış məqalələrinin birində qeyd edilir:
“Kaşataqın (Kəlbəcər – red.) Qarabağın ən böyük rayonu olmasına baxmayaraq, 2011-ci ildə burada cəmi 8500 adam yaşayırdı. Yerli məmurlar rayonda məskunlaşmaq arzusunda olan hər kəslə görüşlərə gedirlər. Məskunlaşanlar üçün evlər tikilir və ya müharibədən sonra boş qalmış evlər təmir edilir.

Beləliklə, Ermənistan beynəlxalq humanitar hüquq, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarından irəli gələn tələbləri pozmaqda davam edir.

Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra bu ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının dırnaqarası “tarixi torpaqlarına” geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallıq qazanıb.

Təhlilçilər hesab edir ki, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi, erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik quruluşunu dəyişdirmək niyyəti güdür. Ermənistanın əsas məqsədi Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır.

Bu köç daha bir real təhlükəni bölgəyə gətirir: Belə ki, ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. İndiki vəziyyət beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktı kimi beynəlxalq təşkilatlarda, xüsusilə də münaqişənin sülh yolu ilə həlli üçün çalışan ATƏT-in Minsk Qrupunun həmsədrlərində dərin narahatlıq hissi yaratmalıdır. Vasitəçilər rəsmi Yerevanın danışıqların mahiyyətinə zidd və bölgədə sülh və təhlükəsizlik üçün təhdid olan bu cür hərəkətlərinə qətiyyətlə mane olmalıdırlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button