Gənc qəhrəmanların həyatı - KIAZ Platform
MəqalələrOnları Tanıyaq

Gənc qəhrəmanların həyatı

2020-ci il Azərbaycan tarixində 44 günlük İkinci Qarabağ müharibəsi və 3 gün davam edən Tovuz döyüşləri ilə daha çox yadda qaldı. İlin əvvəli nisbətən sakit başlasa da, Qarabağ ətrafında hadisələr siyasi aktiv keçdi. Azərbaycan qələbə paradını keçirməklə müharibədə qalib gəlməsini bir daha bütün dünyaya bəyan etmiş oldu. Xalqımız milli tarixinin ən möhtəşəm səhifəsini yaşadı. 44 günlük II Qarabağ müharibəsi igidlərimizin nəyə qadir olduğunu bir daha sübut etdi. Hərbçilərimiz böyük şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı geri qaytardı. Ermənistan təslimiyyət bəyanatına imza atmağa məcbur oldu. Bu qələbənin yekunu kimi hərbi paradın kerçirilməsi də labüd idi. Azərbaycan Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

    Azərbaycan səbirli və qəhrəman xalqdır. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bildirib ki, hər bir hərbiçimiz qəhrəmandır. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bundan sonra isə Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.

Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məğlub etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistanın imzaladığı kapitulyasiya aktı məğlubiyyətin sübutu oldu. Noyabrın 10-da Ermənistan məcbur olub imzaladığı kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu da onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb. Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Dövlət başçısı deyib ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq: “Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi.

Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!”.

Dövlətzadə Cəbrayıl Dövlət oğlu

Əslən Zəngilan rayonundan olan Cəbrayıl Dövlətzadə 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2-ci Qarabağ müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərərək, 10-a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də şəhid olub. Döyüş zamanı yanındakı zabitlərə “geri qayıdın, sizin ailə-övladınız var, yetim qalmasınlar” deyərək arxaya qayıtmalarını tələb edib. Belə bir qəhrəman olmaq hər kəsə nəsin olmur. O, həqiqətən böyük şücaətlik göstərdi və özünü qurban verdi.

Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunub. Ona  Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Allah rəhmət eləsin, ailəsinə və xalqımıza səbr versin.

Cəbrayıl bu ikisini çox sevirdi, bir anasını, bir də Vətənini. İkisini də canı bahasına qorudu. Birincisi üçün təhsilini, karyerasını, ikincisi üçün bütün həyatını, ömrünü qurban etdi. Cəbrayıl mərd, döyüşkən, haqsızlığa qarşı susmayan, dostu üçün savaşan, özündən zəifləri qoruyan… Nə müsbət keyfiyyət axtarsan, tapardın onda. 19 illik ömrünə bir dastana sığmayacaq qədər böyük qəhrəmanlıq yerləşdirən, Vətən müharibəsinin ilk günlərində millətinin qəlbində özünə əbədi yer tutan şəhid Cəbrayıl Dövlətzadə. Mən Cəbrayıl kimi bir Vətən övladını heç bir zaman unutmayacam.  

Cəbrayıl utancaq, üzüyola, mehriban, bir sözlə, canayatan bir uşaqlardan biri olub.  Birinci sinfə “Təfəkkür” liseyində rus dilində başlayıb. Elə başlayan kimi də uğur dalınca uğur qazanıb. Məktəbdə ilk ilini uğurla başa vurub. İkinci sinfə B.Mehdiyev adına Qubadlı şəhər 2 nömrəli tam orta məktəbində davam edib. Sadəcə təhsili ilə yox, xasiyyəti ilə də hamının  sevimlisinə çevrilmişdi. Çox gözəl rəsmlər çəkirdi. Çox bacarıqlıydı. Tez qavrayır, qısa müddətdə öyrənirdi”.

  Cəbrayıl çox bacarıqlıydı. Ərəb əlifbasını bir neçə günə öyrənmişdi. Əl işləri, rəsmləri görənləri heyrətə salırdı. Mahnı bəstələyir, rep oxuyur, gitara çalırdı. Riyazi bacarığı çox yüksək səviyyədə idi. 9 il cüdo ilə məşğul olmuşdu. Yaxşı üzür, dəqiqələrlə suyun altında nəfəssiz qala bilirdi.  Bir sözlə, əlindən gəlməyən heç nə yox idi. Belə gözəl xüsusiyyətlərə malik olan birinə ancaq ən yüksək zirvə “Şəhidlik zirvəsi” yaraşardı. Kaş ki, indi yaşasaydı ,  qardaşlarının onun qisasını necə aldıqlarını görsəydi . Heç bir yaxınlığım olmasa da Cəbrayıl mənim hər zaman qardaşım olacaq və məndə onun yeri əbədi qalacaq.

Beləliklə, qəhrəman əsgər Dövlətzadənin yolunun sonu Vətən müharibəsinin ilk günlərinə təsadüf etdi.  27 sentyabrda başlayan döyüşlərə o da xüsusi təyinatlı kimi qatıldı və  Qarabağ savaşı tarixinə general Polad Həşimovun qisasını alan əsgər kimi düşdü.

 Hər azərbaycanlı ailəsində onu tanıyır, sevir, barəsində qürurla danışırlar. 

Şəhidliyin mübarək, döyüşçü Cəbrayıl Dövlətzadə. Qanın tökülən o torpaqlar artıq sənin kimi igid Vətən oğullarının oylağıdır. Hər uşaq bir fitri istedadla doğulur. Məncə, Cəbrayılı da hamıdan fərqləndirən əsas cəhət həddən artıq mərd olması idi.

İndi Cəbrayılın adı Azərbaycanda dillər əzbəridir. Düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhun şad olsun Əziz Şəhidim!

II Qarabağ müharibəsinin ilk qəhrəman nur üzlü  həkimi Şəhid Turqut Xəlilbəyli olmuşdur.

Xəlilbəyli Turqut Nadir oğlu

Xəlilbəyli Turqut Nadir oğlu 1993-cü ilin iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində dünyaya göz açmışdı. Hələ uşaq vaxtlarından Turqut Vətənə, torpağa olan sevgisiylə öz həmyaşıdlarından xeyli seçilirdi. Özü ilə birgə Turqutun Vətənə, müqəddəs bayrağımıza olan sevgisi də böyüyür. “Dədə Qorqud” Türk liseyini bitirdikdən sonra bir tərəfdən insan həyatına verdiyi yüksək dəyər, digər tərəfdən də hərb sənətinə olan böyük marağı gənc Turqutun peşə seçiminə öz təsirini göstərir. Tibb Universitetinə daxil olan Turqut Xəlilbəyli burada hərbi həkim ixtisasına yiyələnir.

   Ali məktəbi bitirdikdən sonra Tibb xidməti leytenantı Turqut Xəlilbəyli Beyləqan korpusunun hərbi hissələrindən birində xidmətə başlayır. Bu ilin sentyabr ayının 27-dən, Vətən müharibəsi başlanan ilk gündən isə Turqut Füzuli rayonu istiqamətində gedən döyüşlərə qatılır. Belə ki, o, hərbi əməliyyatlarda bilavasitə iştirak etməsinə baxmayaraq, can almır, əksinə can qurtarır.

Bir yaralımızın da ölməsinə imkan verməyəcəyəm. İnşAllah Qarabağı alandan sonra görüşərik.” deyə danışardı hər zaman .Oktyabr ayının 7-də Turqut növbəti döyüşün gedişində yenə də yaralı əsgərlərimizi atəş altından çıxarmaqla məşğul olur. Həmin gün o, yaralı əsgərlərimizi xilas etmək məqsədilə birbaşa atəş zonasına üç dəfə giriş edir. Lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşür. Bu zaman Turqut özünü yaralı əsgərimizin üzərinə atır və öz canı bahasına onun həyatını xilas edir. Aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəylinin həyatını qurtarmaq mümkün olmur. Can qurtaran qəhrəman həkimimiz döyüş dostlarının uğrunda, Vətən uğrunda öz canını fəda edir.
  Azərbaycan digər qəhrəman övladları kimi, Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenant Turqut Xəlilbəylini də heç zaman unutmayacaq!
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəlilbəyli Turqut Nadir oğlu

Mübariz, Polad, Turqut… “Daşıdığı ad insanın xislətinə sirayət edir” deyirlər. Adı kimi Özü də bu torpağa bir can verib.

“Turqut elə bir insan idi ki, ətrafında onu sevməyən adam yox idi. Hələ uşaqlığından hərbiyə çox böyük marağı olub. İnsanları da sağaltmaq istəyirdi. 6-ci sinifdə qərar verdi ki, hərbiçi həkim olsun. Həm Vətənə bağlı olsun, həm də insanların canını qurtarsın.

Həmişə deyirdi ki, gör necə yaxşı insan olasan ki, Allah Şəhidlik zirvəsinə ucalda insanı. Sonra da deyirdi “Mən o qədər yaxşı insanam ki, Allah mənə Şəhidlik qismət edə?!” Son sözlərindən biri də “Bir tək istəyim budur ki, məni unutmayasız” oldu.”

 Oxuduğu mahnısı ilə hər kəsin yaddaşında əbədi qalan Şəhid qəhrəman Xudayar Yusifzadə..

Xudayar Yusifzadə

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdənin Qazıqurdalı kəndində anadan olub. Doğulduğu gündən 24 gün sonra Bərdənin tanınan qarmon ustalarından olan atasını (Müslüm Yusif oğlunu ) itirib. Xudayar Yusifzadə ailənin son beşiyi olub. Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbini bitirib.Onu hamımız gözəl ifasıyla tanıdıq. Döyüşçü yoldaşlarının əhatəsində oxuduğu “Məndən sorma niyə Vətən yaxşıdır, adı gələcək könlüm dasta döndü” deyərək dağlar qoynuna səs salmışdı mahnısıyla. Kim idi o igid?Dövlət Sərhəd Xidmətinin giziri 22 yaşında şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadəni sizlərə tanıtmaq istəyirəm.

Xudayər Yusifzadənin ailəsi əslən Kəlbəcərlidir.Xudayar  Bərdə 1 saylı Musiqi məktəbində xanəndə sinfində təhsil alsa da, həmişə arzusu hərbiçi olmaq olub. Bütün Azərbaycan onu özünə övlad bilir, gözəl səsi, nurlu siması, gülüşləri ilə yaddaşlarda qaldı. Allah rəhmət eləsin,məqamın mübarək olsun, Şəhidim. Özü də oxuduğu mahnı kimi dastana döndü… Xudayarın ən böyük arzusu Qarabağın incisi, baş tacı Şuşanı görmək olmuşdur. Elə 9 yaşında ifa etdiyi məşhur “Şuşanın dağları” mahnısını da orada oxumaq istəyirdi. Qismət olmadı. Oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşdə ağır yaralanan Xudayar Yusifli şəhidlik zirvəsinə ucalır. İndi Xudayardan geriyə qalan Zəngilanda oxuduğu “Vətən yaxşıdır” mahnısıdır. O, Şuşanı görməsə də, Şuşa da azad oldu və Şuşada dalğalanan üç rəngli bayrağın qırmızısında bütün şəhidlərimiz kimi Xudayarın da qanının rəngi var.

Xudayar Yusifzadə

Milli qəhrəman şəhid Polad Həşimov..

Polad Həşimov

1975-ci ildə Sumqayıtda doğulmuş  olan Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir.Polad Həşimov Sumqayıtda məktəbi bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alıb və təhsilini Türkiyədə davam etdirib.

Onun 3 övladı var, iki oğlu, bir qızı. Qızı onun böyük övladıdır və hələ də orta məktəbi bitirməyib.O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib.Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.

Cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Onun vəfatını “cəmiyyət üçün böyük itki” adlandırırlar.

      Belə ki, “Talış yüksəkliklərində olan  7 döyüş postundan biri  “Polad postu” adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər”.

 Polad həmişə rəşadət göstərib, qəhrəmanlıqla vuruşub. Aprel döyüşlərində göstərdiyi igidliklərə görə dövlətimiz tərəfindən mükafatlandırılıb. Poladdakı ürəyə, qəlbə heyran olmamaq olmur… Heç zaman əlindən gələni kimsəyə əsirgəməzdi. Xeyirxah, mərd, cəsarətli bir insan idi. O, insani əməli, şəxsi ləyaqətilə özünü təsdiqləmiş cəsur bir General idi. Belə adamlar gözəllik qanunları ilə qurub-yaratmağı sevir, həyat həqiqətinə güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə həmişə seçilir.

General-mayor Polad Həşimovun itkisi çox ağır oldu. Respublikamız üçün də, Vətənimiz üçündə, elimiz, obamız üçün də…  Elə bir Vətəni üçün dünyaya gəlmişdi. Ana torpaqda uyuyan general-mayor Polad Həşimov, doğrudan da, qeyri-adi xarakterə malik bir hərbçi olmuşdu.

  Mən Polad  Həşimov  kimi insanlar haqqında həmişə bədii əsərlərdə oxumuşam. Elə bilirdim ki, belə insanlar yoxdur, yaşamır. Gördüm ki, o, həqiqətən, bütün canı-qanı ilə Vətənə bağlı insan idi və bunu dildə yox, əməllərində göstərirdi. Cəbhədə Vətəni qoruya-qoruya şəhid oldu. Onun ölümü hamının qəlbini kövrəltdi. Şairlərimiz, yazıçılarımız, sadə vətəndaşlarımız rahatlıq tapa bilmir, onun xatirəsini əbədiləşdirmək üçün, kim nəyi bacarır, onu eləməyə çalışır. Cənab Prezident İlham Əliyev Qəbələ şəhərindəki küçələrdən birinə General Polad Həşimovun adının verilməsinə qərar verdi. Qəhrəmanlar heç vaxt unudulmur!.

Leytenant Ənvər Əliyev

Ənvər Əliyev

Vətən müharibəsinin qəhrəman oğlu, şəhid leytenant Ənvər Əliyev

Atası ona türk hərb tarixində böyük rol oynamış hərbçi və siyasi xadim, şəhid Ənvər Paşanın adını qoyubmuş. Oğluna fəxrlə bu adı qoyanda ata heç ağlına da gətirməzdi ki, oğlu böyüyəcək, elə Ənvər Paşa kimi bir qəhrəman olacaq. Zahiri görünüşcə sakit təbiətli, daxilən isə qorxmaz, cəsur biri idi. Qəhrəman bir ailədə doğulmuşdu . Ənvər Mirzə İbrahimovun “Azad” hekayəsindəki Azad obrazı idi sanki.  Ənvərin təhsilini Heydər Əliyev adına Hərbi Liseydə davam etdirmək istəməsinə heç kəs inana bilmirdi , çünki o çox sakit biri idi. Bu qədər sakit təbiətli bir insan necə ola bilər ki, hərbçi olmaq istəsin. Sonralar gördülər ki, onun daxilində nə böyük bir təlatüm var .Ənvər bu gün əməli ilə özünü təsdiqlədi. Ənvərin şəhidlik xəbərini eşidəndə bir daha inandıq ki, Tanrı bu zirvəyə hər kəsi layiq bilmir”.  

Ənvər Hərbi Liseydə oxuduğu illərdə də dərslərində fəallığı, davranışı, vətənpərvərliyi, mənəvi keyfiyyətləri ilə seçilən kursant oldu, neçə-neçə fəxri fərmanlara, medallara, təşəkkürnamələrə, “ilin ən yaşı kursantı” adına layiq görüldü. 2015-ci ildə buradakı təhsilini nümunəvi attestatla bitirəndə yaxşı oxuduğu üçün Türkiyə Respublikasının Ankara şəhərində Quru Qoşunlarına göndərildi.  Orada oxuduğu dövrdə  müəllimləri ona  Ənvər paşa olaraq deyirdilər . 2016-cı ildə Vətənə qayıdaraq təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirən Ənvər Əliyev    2020-ci ilin 1 iyul tarixində Tərtər rayonunda hərbçi kimi şərəfli xidmətinə başladı. Vətən müharibəsində Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə elə Ənvər paşa kimi bir qəhrəman olduğunu təsdiqlədi. Oktyabrın 14-ü isə Talış yüksəkliyində 2 əsgəri ilə birgə top mərmisindən şəhidlik məqamına ucaldı.Bu dünyada ölümsüzlük qazanan Ənvər seçilən bir oğul olmuşdu.

Ölümündən sonra Azərbaycan Respublikasının sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülən, fədakar, qəhrəman Ənvərin qısa, amma şərəfli bir ömür yolu oldu. 30 il Qarabağlıyam deyəndə utanan, narahat olan,  vətən həsrəti ilə göz yaşları selə dönən  insanları Ənvər kimi minlərlə oğullar yenidən Qarabağlı etdilər, yenidən Qarabağa qaytardılar. 23 yaşında bu həyatla vidalaşdı Ənvər. Vətən müharibəsinin Ənvər paşası oldu. Adını tarixdən aldı, tarixə yazdı. Həlim gülüşü, sakit təbiəti, vətənə olan sevgisi, bir də qəhrəman adı ilə qaldı yaddaşlarda.

    Bir ovuc qara torpaq… Onu qoruyursansa, uğrunda canını fəda edirsənsə, dönüb Vətən olur.  Araz sahilində yerləşən Axaməd kəndinin üçüncü şəhidi olan Ənvər sələflərinin-1990-cı illərdə Sədərək döyüşlərində şəhid olan Sədi Əsgərovun, 2016-cı ildə  Tərtərdə  şəhid olan kapitan  Elnur Cəfərovun  o müqəddəs yolu ilə getdi… Vətən üçün yaşayan, vətən üçün canından keçən  belə oğulların sayəsində qara torpaq müqəddəs vətənə, gülüstana döndü.

Lalə Yolçiyeva

Yazar:  Lalə Yolçiyeva,

ADPU-nun Kimya və biologiya fakültəsinin IV tədris ili tələbəsi 

Lalə Yolçiyeva

ADPU-nun Kimya və biologiya fakültəsinin IV tədris ili tələbəsi

Əlaqəli postlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
azAZ
en_USEN azAZ