Analizİndi aktualdır

Hadrutun işğaldan azad edilməsi niyə bu qədər vacib idi?

Hadrut qəsəbəsinin, Çaylı, Yuxarı Güzdək, Görəzilli, Qaracallı, Süleymanlı, Əfəndilər və Sur kəndlərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun digər əraziləri azad etməsi üçün münbit şərait yaratdı. İşğaldan azad edilən Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan yaşayış məntəqəsidir. Yaşayış məntəqəsinin adı XIX əsrdə Ağoğlan kimi qeydə alınıb. SSRİ-nin süqutunadək olan dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi bölgüsü 5 rayondan ibarət olub: Şuşa, Mardakert, Martuni, Hadrut, Əsgəran.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü başladı. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il qanununa əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli qanunu qüvvədən düşmüş hesab edildi. Bu qanuna əsasən, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırıldı. Bundan əlavə Əsgəran və Hadrut rayonları ləğv edildi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilən Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edildi.

Hadrut qəsəbəsi Azərbaycan Ordusu tərəfindən son iki həftə ərzində azad edilən və işğal altında olan Qarabağın dağlıq hissəsinə daxil olan ilk yaşayış məntəqəsidir. Bu isə Azərbaycan Ordusunun yalnız ətraf rayonları deyil, paralel olaraq Qarabağın dağlıq hissəsinin işğaldan azad edilməsinə başladığını göstərir.

Hadrut qəsəbəsinin və 7 kəndin azad edilməsi ilk növbədə Ermənistan ordusunun bu istiqamətdə olan müdafiə zolağının tamamilə darmadağın edilməsi ilə bərabər 2-ci və 3-cü eşalon bölmələrinin döyüş qabiliyyətini itirməsini göstərir.

Ermənistan ordusunun son döyüşlərdə itirdiyi 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni düşmənin müdafiə olunmaq qabiliyyətini şübhə altına alır.

18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşınının Ordumuz tərəfindən qənimət kimi götürülüb, böyük ehtimalla bunlar Hadrut istiqamətində baş verən döyüşlərdə əldə edilib. Çünki Hadrutun müdafiəsi Ermənistan üçün mühüm əhəmiyyət daşıyırdı.

Birincisi, bura artıq ərazi baxımından ermənilərin qeyd şərtsiz iddia etdiyi Qarabağın dağlıq hissəsinə daxil idi.

İkincisi, Fizuli və Cəbrayıl istiqamətində yerləşən hərbi hissələrin həm idarəetməsi, həm də təchizatı Hadrutdan həyata keçirilirdi.

Üçüncüsu, hələ SSRİ dövründən cənub istiqamətindəki sovet qoşunlarının ehtiyat silah-sursat anbarı burada yerləşib və indiyə qədər onlar Ermənistan ordusunun istifadəsində olub. Bu anbarlarda böyük miqdarda silah-sursatın ələ keçiriləcəyi istisna deyil.

Nəticə etibarı ilə Hadrutun işğaldan azad edilməsi erməni işğalçılarının cəbhənin digər istiqmətlərində müqavimətinin zəifləməsinə və digər ərazilərin həm daha az itki ilə, həm də daha yüksək hücum tempi ilə azad edilməsinə şərait yaradacaq.

Hərbi ekspert Ədalət Verdiyev

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button