SiyasiXəbərlər

İsrailli ekspert: “Ermənistanın Azərbaycanın dinc sakinlərini atəşə tutması qınanmalıdır”

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən, hər hansı hücuma məruz qalan və ərazisi atəşə tuutlan, xüsusən də başqa dövlətin ərazisindən mülki əhalisinə qarşı belə həmlələr olan ölkə de-yure bu zərbələri vuran nöqtələri məhv etmək hüququna malikdir”.

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis olan Mixail Finkel Ermənistanın Azərbaycanın Gəncə şəhərini atəşə tutmasını şərh edərkən deyib.

“Məsələn, Suriyanın müharibə şəraitində olan ərazisindən dəfələrlə İsrail ərazisinə raket və mərmi zərbələri endirilib. İsrail həmişə bu raketləri vurub və həmişə atəşin açıldığı yerlərə cavab zərbələri endirib. Çünki bütün beynəlxalq konvensiyalar baxımından belə cavab tam qanunidir”, – o bildirib.

Ekspert əlavə edib ki, ermənilər müharibə ilə heç bir əlaqəsi olmayan və müharibə zonasından xeyli uzaq olan şəhəri atəşə tutublar: “Bu, II Dünya Müharibəsindən sonra hazırlanan konvensiyalarla ziddiyyət təşkil edir. Ermənistan isə belə zərbələrin endirilməsinə yol verilmədiyi bu konvensiyaları imzalayıb. Keçmişdə baş vermiş hadisələrə, o cümlədən yayda Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasına baxsaq, indiki halda səhv ehtimalının az olduğu, bunun qəsdən edildiyi qənaətinə gələcəyik. Heç bir şəkildə hərbçi olmayan dinc sakinlərə endirilən zərbələr hər cür qınağa layiqdir və XXI əsrdə sivil hərbi əməliyyatların aparılmasının heç bir çərçivəsinə sığmır”.

M.Finkel həmçinin qeyd edib ki, Gəncənin Qarabağ ərazisindən deyil, birbaşa Ermənistan ərazisindən atəşə tutulmasını görməzdən gəlmək qeyri-mümkündür.

“Bu, münaqişənin daha çətin mərhələyə keçdiyini göstərən acınacaqlı faktdır. Bu, qarşı tərəfin ağıl və məntiqlə idarə olunmadığını göstərir. Qarşı tərəfin atdığı addımları düşünmədiyini göstərir, çünki bu bumeranq təhlükəlidir. Bunu qınayıram və bilirəm ki, Azərbaycan Respublikası və Ordusu heç vaxt belə şeylərə əl atmır və mülki əhalisini, o cümlədən Qarabağın mülki əhalisini qoruyur. Azərbaycan xalqına ən yaxşısını diləyirəm və İsrailin sizi və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini söyləmək istəyirəm”, – deyə ekspert fikirlərini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button