Qarabağı kim minalayıb? - KIAZ Platform
Analiz

Qarabağı kim minalayıb?

Torpaqların işğaldan azad edilməsi bütün rəngləri üzə çıxardı. Heç kim olduğu rəngi gizlədə bilmir. Dekabrın 1-də ermənilər işğal etdikləri Laçından da çıxarıldı. Rənglərini gizlətmək istəyənlər və ermənilər hadisəni mürtəce şəkildə təqdim edirlər. Uzun illərdir ermənilərə havadarlıq edənlərin media orqanlarının yaydığı xəbərlərə görə, guya ermənilər həmin bölgələri tərk edirlər. Erməni simasızlığının isə, heç şübhəsiz, son həddi yoxdur. Sanki onlar öz yurdlarından çıxarılırlarmış kimi davranırlar. Görünür, 28 ildən çoxdur havadarları və başbilənləri onlara həmin torpaqları vəd ediblər. Bu səbəbdən də Ermənistana və Qarabağdakı erməni icmasına müxtəlif adlar altında “humanitar yardımlar” ediblər.

Deməli, işğaldan sonra Qarabağda azərbaycanlıların evlərinin daşını daş üstə qoymayıblar. Havadarları, onların təlimçiləri və hərbi mühəndisləri həmin evlərin materiallarından ermənilər üçün sığınacaqlar, istehkamlar qurublar. Azərbaycan əsgəri onların qurduğu istehkamları dağıdanda isə narahat olmağa başladılar. Fransa Senatı, Avropa Parlamenti də Qarabağı müzakirə edib işğalçı ermənilərin halına acımağa başladı. Bu həmin Avropadır ki, ötən əsr iki dünya savaşı, işğal və faşizmi, onların törətdikləri dağıntını görüb, yaşayıb. Ermənilərin halına bunu yaşamışların acıması gülünc görünür. Həmin qüvvələr 28 ildən çoxdur Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin və Ermənistanın başını tumarlayıb onların beynəlxalq hüquqa zidd addımlarına göz yumublar. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində əməli bir addım belə atılmayıb. 44 gün ərzində Azərbaycan beynəlxalq hüquqa və bütün beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarını işğalçılardan təmizlədi.

İndi torpaqların minalardan və partlayıcılardan təmizlənməsi prosesi aparılır. ABŞ-dan və Avropadan olan müxtəlif beynəlxalq təşkilatlar fərqli adlar altında Qarabağın minalardan təmizlənməsi ilə bağlı milyonlarla maliyyə vəsaiti xərcləyiblər. ABŞ-ın USAID təşkilatının Yerevandakı nümayəndəliyinin direktoru Karen Hilliard 2014-cü ilin oktyabrında bildirmişdi ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ əraziləri 2016-cı ilədək minalardan təmizlənəcək. Onun sözlərinə görə, 2000-ci ildən indiyədək 251 müxtəlif sahədə minatəmizləmə işləri görülüb: “1995-ci ildən indiyədək 345 nəfərin ölməsi hadisəsi qeydə alınıb. Hazırda minadan təmizlənməmiş cəmi 5 faiz ərazi qalıb. “HALO Trust” təşkilatı bu layihəyə 5 milyon dollar ayırandan sonra Dağlıq Qarabağ ərazisi 2016-cı ilədək minalardan tam təmizlənmiş olacaq”. “HALO Trust” mülki şəxslər üçün təhlükəli ola biləcək mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olan bir təşkilatdır. Maraqlıdır, şirkət İngiltərədə xeyriyyə, ABŞ-da isə qeyri-kommersiya təşkilatı kimi qeydə alınıb. “HALO Trust”ın qlobal qərargahı Şotlandiyada yerləşir, Vaşinqtonda və Kaliforniyanın San-Fransisko şəhərində isə ofisləri mövcuddur. Təbii ki, ilk baxışda mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi xeyirxah bir missiya kimi görünür. Ancaq xeyriyyə və ya qeyri-kommersiya kompaniyası adlanan təşkilat əslində Özəl Hərbi Kompaniyadır. Onun bu əməliyyatları yerinə yetirməsi üçün sırf hərbi hazırlıqlı peşəkar mühəndis-istehkamçıları və ya xüsusi hazırlıq kurslarında təlim keçmiş ixtisaslı texniki mütəxəssisləri, həmçinin hərbi mühəndis təyinatlı texnikaları, avadanlıqları var. Onun “xeyriyyə” və ya “qeyri-kommersiya” adı altında fəaliyyət göstərməsi də səbəbsiz deyilmiş.

Bu ilin iyulunda ABŞ Konqresinin Nümayəndələr Palatası işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon ABŞ dollarının ayırılmasını təsdiqləyib. Bu maliyyə vəsaitinin Qarabağın minalardan təmizlənməsi üçün “HALO Trust” proqramına veriləcəyi iddia olunur. Həmin proqramın maliyyələşdirilməsi 2020-ci ilin mart ayından dayandırılmışdı. Eyni zamanda bu ilin yayında ABŞ-ın Yerevandakı səfiri Linn Treysi Qarabağa maliyyə yardımını kəsəcəkləri ilə bağlı məsələyə münasibət bildirərkən Ermənistan istisna olmaqla, son 20 ildə işğal altındakı Dağlıq Qarabağa maliyyə yardımı ayıran yeganə ölkə olduqlarını xatırladıb: “Son 20 ildə “HALO” proqramı çərçivəsində Qarabağda minalanmış ərazilərin təmizlənməsinə etdiyimiz yardımlardan məmnunuq. Ötən bu müddətdə ABŞ Dağlıq Qarabağa 17 milyon dollar məbləğində maliyyə yardımı göstərib”. İndiyədək ABŞ Dağlıq Qarabağa birbaşa yardım qismində ayırdığı maliyyə dəstəyinin böyük bir hissəsini hər il “HALO Trust”ın hesabına köçürürdü. Bu xeyriyyə təşkilatı isə həmin maliyyə yardımlarının Qarabağın minalardan təmizlənməsinə xərcləndiyini bildirirdi. Ancaq Azərbaycan torpaqları işğal altında olduğundan bu kimi beynəlxalq “qeyri-hökumət təşkilatlarının” fəaliyyətinə nəzarət etmək imkanı məhdud idi. Deməli, bu kimi təşkilatların gördükləri nəzarətsiz olub. Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bir sıra xarici humanitar təşkilatlar Qarabağa humanitar yardım adı ilə dəstək göstərdiklərini etiraf etmişdi. Onların arasında “HALO Trust” təşkilatı da var. Fransanın SPFA, İsveçrənin KASA və başqa təşkilatlar humanitar yardım adı altında Qarabağdakı separatçı rejimə müxtəlif dəstək veriblər. Döyüşlərdən əvvəl isə ABŞ Nümayəndələr Palatasının Qiymətli Kağızlar Komitəsinin 2021-ci il maliyyə məsələləri üzrə onlayn görüşündə konqresmen Bred Şerman Qarabağa 1,5 milyon ABŞ dolları ayrılmasını istəmişdi: “Minalardan təmizlənməni maliyyələşdirdik, istər mina təmizlənməsi, istər səhiyyə və istərsə də təhsil sahəsindəki proqramların icrası olsun – bu layihədə Qarabağ xalqı üçün 1,5 milyon ABŞ dolları nəzərdə tutulması çox vacibdir”. Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri – Cudi Çu, Devid Sisillin, Cim Kosta, Ticey Koks, Con Qaramendi, Cim Xayms, Kerolayn Maloni, Adam Şiff, Bred Şerman və Raşida Tlaib Ağ Evi Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki separatçı rejimə və Ermənistan hökumətinə 100 mln ABŞ dolları yardım etməyə çağırmışdılar. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan ölkəsi müstəqil olandan indiyədək ABŞ-ın bu dövlətə 2 mlrd ABŞ dolları yardım etdiyini bildirmişdi.

Heç şübhəsiz, Rusiyadakı erməni iş adamları da Qarabağdakı separatçılara yardımlar ediblər. Qarabağ Ermənistanın işğalından azad edildi. İndi onların basdırdığı mina və partlayıcılar təmizlənir. Bu zaman maraqlı bir sual yaranır: “HALO” kimi beynəlxalq təşkilatlar bu illər ərzində işğal altında olan torpaqlarda nə işlə məşğul olublar? Halbuki onların vədinə əsasən, Qarabağ 4 il əvvəl minalardan təmizlənməli idi. Həmin qurumların fəaliyyətinə kim nəzarət edib? Onların xərclədiyi maliyyə vəsaitinə hansı ictimai nəzarət olub? Belə nəticəyə gəlmək olar ki, “HALO” və başqalarının fəaliyyəti şəffaf olmayıb. Mənsub olduqları ölkələrin uyğun qurumlarının belə təşkilatların fəaliyyətini araşdırmasına zərurət yaranıb. Yaxud belə düşünmək olar ki, həmin maliyyə vəsaiti hesabına işğal altında saxlanılan torpaqlarda istehkamlar, sığınacaqlar və başqa hərbi-mühəndis binaları tikilib. Fəaliyyətlərində şəffaflığa əməl edilmədiyindən onların Qarabağda mina basdırdıqlarını, “minadan təmizləmək” adı altında çirkli pulları yuduğunu da ehtimal etmək olar. Mütəxəssislər Qarabağın minalardan tam 10 ilə təmizlənəcəyini iddia edirlər. “HALO” niyə minatəmizləmə işinə yardım etmir? Hadisələrə sükutla yanaşmasından belə görünür ki, Qarabağda fəaliyyətini başa çatdırıb. Onun təmizlədiyi yerlər yenidən işlənir…

Əlaqəli postlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
azAZ
en_USEN azAZ