İndi aktualdırMədəni-ictimaiMəqalələrQara bağ

Qarabağın qadın, kişi, uşaq geyimləri – XIX əsrin sonları.

Azərbaycan Respublikasının Qarabağ tarixi-etnoqrafik bölgəsi bəşər sivilizasiyasının ilkin ocaqlarından biri kimi dünyada tanınmaqdadır. Onun sərhədləri, təbii, maddi və mənəvi zənginlikləri, etno-mədəni inkişaf tarixi haqqında faktoloji materiallara, elmi-tədqiqat əsərlərinə istinad edərək fikir söyləyən tarixçi-etnoqraf X.D.Xəlilli haqlı olaraq yazır ki, «Qarabağın sərhədləri cənub-şərqdən Kür-Araz çayları qovşağı, cənubdan Araz çayı, qərbdən ümumilikdə Qarabağ dağları adlanan Köşbək, Salvartı və Ərikli dağları ilə Göyçə gölünə qədər uzanmış, şimaldan Goran-Kür çayı ilə sərhədlənmişdi. İqlimi müxtəlif olmaqla rəngarəng torpaq örtüyünə, zəngin bitki və heyvanat aləminə malikdir. Təsadüfi deyil ki, dünyada müşahidə edilən on bir iqlim tipindən doqquzuna Azərbaycanda, altısına isə Qarabağda rast gəlinir.Belə əlverişli, münbit təbii-coğrafi şərait Aralıq dənizi sahili ölkələr və Şərqi Afrika ilə bərabər Qarabağın da bəşəri sivilizasiyanın ilk beşiklərindən birinə çevrilməsinə şərait yaratmışdır. Azıx abidəsi Qarabağda qədim insanın 1,2 milyon il əvvəl məskunlaşdığını sübut edir. Azıx mağarasından 350 min il əvvəl yaşamış 18-22 yaşlı qadının alt çənəsi tapılmışdır. Artıq dünya arxeologiya elmi Qarabağın qədim «Quruçay mədəniyyəti»ni bəşəriyyətin ilkin mədəniyyət mərkəzlərindən olduğunu qəbul edir. Avropa tarixşünaslığı «Quruçay mədəniyyəti»nin qədim Mesopatamiya, Yaxın Şərq mədəniyyətinə müsbət təsir etdiyini təsdiqləyir.

QARABAĞIN QADIN GEYİMLƏRİ

XIX-XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi qadın geyimləri özünün
rəng əlvanlığı, biçim tərzi və tikiş üslubunun mürəkkəbliyi, eləcə də tip və formalarının müxtəlifliyi ilə seçilirdi. Qarabağ da daxil olmaqla Azərbaycanın tarixi-etnoqrafik bölgələrinin əhalisinin ənənəvi qadın geyimlərində lokal-məhəlli xüsusiyyətlər, bölgələrə məxsus detallar və ştrixlər az və ya çox dərəcədə özünü göstərsə də, bütövlükdə bu geyimlər ümumi cəhətləri ilə daha çox diqqəti cəlb edirdi. Başqa sözlə desək, qadın geyim kompleksi tipoloji cəhətdən ümumazərbaycan səciyyəsi daşıyırdı.
Qarabağın milli qadın geyimləri tarixən «alt paltarı» və «üst paltarı»
olmaqla iki variantda mövcud olmuşdur. Qadın alt paltarı «alt köynəyi» (Azərbaycanın ayrı-ayrı bölgələrində ona «uzunluq», «can köynəyi», «ət köynəyi»də deyirlər), «şəltə» (gödək tuman), xüsusilə də maldar-elatlar arasında yayılan «cütbalaq»dan (taylı tuman) ibarət olmuşdur.

QARABAĞIN KİŞİ GEYİMLƏRİ

XIX-XX əsrin əvvəllərində Qarabağ əhalisinin ənənəvi kişi geyimləri biçim
üsuluna və tikiş texnikasına görə ümumazərbaycan və hətta ümumqafqaz səciyyəsi daşıyır, yalnız çox da böyük əhəmiyyəti olmayan lokal-məhəlli xüsusiyyətləri ilə seçilirdi. Ənənəvi kişi geyimləri alt (can) və üst köynəyi, dizlik, şalvar, arxalıq, can arxalığı (canlıq, içlik, cılıtqa, pambıqlı) çuxa, kürk, yapıncı, eləcə də müxtəlif formalı və adlı baş və ayaq geyimlərindən ibarət idi. XIX əsrin 80-ci illərində Cəbrayıl qəzasının kişi geyimləri haqqında məlumat verən Q.V.Urazov yazırdı ki, bu geyimlər ağ və göy bezdən tikilən gödək alt köynəyindən, həmin materialdan hazırlanan və bel yerində nifəsi olan dizlikdən, qış aylarında geyilən enli yun şalvardan, üst köynəyindən, onun üstündən geyilən arxalıqdan və arxalıq üstündən geyilən çuxadan ibarətdir. Başlarına il boyu qoyun dərisindən hazırlanan və çox da hündür olmayan konusvari papaq qoyurlar. Ayaqlarına isə gödək yun corab, kəl və ya öküz dərisindən hazırlanan çarıq geyirlər.

Baş geyimləri

XVI əsrdə azərbaycanlıları qızılbaşlar adlandırırdılar, çünki onlar başlarına təpəsi nazik və hündür, qırmızı papaq qoyub onunda ətrafına sarıq dolayırdılar. XVIII-XIX əsrlərdə qadın baş geyimləri əvvəlki dövrlərdəki kimi öz çeşid müxtəlifliyi ilə diqqəti cəlb edirdi. Qadın baş geyimləri əsasən iki hissədən ibarət olub, baş örtükləri və baş bəzəklərini özündə birləşdirirdi.Baş örtüklərin bəzisi tərgötürən rolunu oynayaraq gigiyenik məqsəd daşıyırdı.

Qadın baş geyimləri geymə (qoyma) və bağlama (örtmə) olmaqla iki qrupa bölünürdü. Birinci qrup baş geyimlərinə təsək (çəpcik), çutqu, araxçın, dingə, ikinci qrup baş geyimlərinə isə müxtəlif ölçülü və adlı ləçəklər, çalmalar, kəlağayılar, şallar, örpəklər eləcə də niqab, rübənd, çutquqabağı, çadra, çarşab, duvaq və s. aid idi.[7] Bunlar arasında şal, yaylıq, örpək cuna (çikila), qıyqac, kəlağayı (çarqat) daha çox dəbdə idi.[2]

Təsək (çəpçik) növlü baş geyimləri XIX-XX əsrin əvvəllərində Azərbaycanın Şəki-Zaqatala, Şirvan, Qarabağ və Qərb bölgələri üçün daha xarakterik olmuşdur. Qərb bölgəsində qadın təsəklərinin biçim üsuluna, formasına, başa geyilmə tərzinə və parça materialına görə fərqlənən üç növü (saya, inci və qaysava təsəklər) qeydə alınmışdır. Saya təsək ağ və ya rəngli pambıq parçadan kəsmə biçim üsulu ilə hazırlanırdı. İki yan (qulaqcıq) və kəlləlikdən ibarət olan təsək tərs üzünə tikildikdən sonra çevrilir və tikişlər içəridə qalırdı. Təsəyi başa elə geyirdilər ki, o həm boynun ardını, həm də qulaqların üstünü örtür. Başda möhkəm durması üçün təsəyin sağ qulaqcığına ucu ilgəkli qaytan (qatma) tikilir, çənənin altından keçirilərək sol qulaqcığa bənd edilmiş düyməyə bağlanırdı.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button